25-ci saat

"Sevgi bir günəşə bənzər. Ölüm deyilən pərdəni deşəndə çatarsan bu sirrə. Bunun üçün ölmədən ölmək gərəkir." 

Yazıya içərisində ziddiyyət təşkil edən  "ölüm" və "sevgi" sözləri olan iki cümlə ilə başladım. Nədir ziddiyyət? Niyə vardır?
Biz bu qavramı hələ uşaq yaşlarından öyrənirik. Ziddiyyətin nə üçün var olduğunu anlamaqdan ötrü çox sadə bir misal verəcəm. Məktəbdə çoxmənalı sözlər mövzusunu keçərkən öyrəndik ki, çoxmənalı sözün mənasını aydınlaşdırmaq üçün istifadə edilən üsullardan biri də ona əks mənalı söz deməkdir. Diqqət etsək görərik ki,bizim beynimizin qavrama tərzi budur. Bir şeyin yaxşı olduğunu anlamaq üçün mütləq pisin nə olduğunu bilməliyik, dadlının nə olduğunu bilmək üçün dadsızın, uzunun nə olduğunu bilmək üçün qısanın nə olduğunu bilməliyik elə deyilmi? O zaman niyə adi bir kədərdə həyata üsyan edirik?Bu gün o kədər sabahkı sevincinin fərqinə varasan deyə vardır, bu gün o uğursuzluq sabahkı uğurundan daha çox zövq alasan deyə vardır, bu gün o yalnızlıq sabah həyatına girəcək insanların dəyərini biləsən deyə vardır və ən nəhayət, sabahkı ölüm bu gün hələ yaşadığının, hələ hər şeyi anlamaq üçün gec olmadığının fərqinə varasan deyə vardır.Yəni digərləri kimi ölüm və yaşam da bir-birini tamamlayan qütblərdir.
Bəlkə də bunları oxuyarkən, "döndü dolaşdı yenə gəldi ölümə" deyəcəksiz, amma sonda dönüb dolaşıb gələcəyimiz nöqtə yenə də ölüm olmayacaqmı zatən? Yoxsa siz uşaqkən məktəbi bitirmək, məzun olduqdan sonra əsgərlik, ondan sonra evlilik, iş,karyera, biznes barəsində düşünüb zamanı axışına buraxanlardansınız? Nədir zaman? Zaman qavramı olmasaydı nə olardı? Ölümsüz olardıq. Deməli, zaman anlayışı da fiziksəl olaraq ölümümüzə qalan vaxtı simgələyir. Sözümün "mustafa"sı odur ki, biz çox zaman ölümü gözardı edib yaşamağa çalışırıq, amma əslində etdiyimiz şey ölüm qorxusuna görə heç yaşamamaqdır, fərqində deyilik. 


Siz heç 25-ci saatda yaşadınızmı? Mən çox sevirəm, 25-ci saatı."Haradır ki, 25-ci saat" deyə sual verirsinizsə, deyim sizə. Böyük bir insan izdihamının içindən keçərkən birdən dayanın. Həmin o insanları görə biləcəyiniz yerə keçin... Bax həmin an 25-ci saatdasınız! Oxuduğunuz bu fikirlər də beynimə orada gəldi və sizinlə paylaşmaq istədim.
Oxuduqlarınızın mənasını anlayırsız? Ya "yaxşı məqalədi" deyib dönəcəksiz yenə  "həyat"ınıza?
Hörmətlə, 25-ci saatdan Əliqoşqar Kərimli . 

21 dekabr 2015-ci il / Bakı

Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder