Ayrılıqdan doğan münasibətlər

Ayrılığın gətirdiyi münasibət istəyi... Bəli, elədir ki, var. Birilərindən ayrıldığımızda, xüsusən bu sevdiyimiz biridirsə,içimizdə dərhal yeni bir münasibət qurmaq istəyi yaranır. Sanki, keçmişin yarasına bir sarğı axtarırmış kimi yeni birilərini axtarırıq.
Əlbətdə, bir səhər qalxıb da "bu gün çıxım küçəyə birini axtarım tapım" tərzində sözlər demirik və hətta bu yazıları oxuyan olsa, (ki buna ümidim azdı) dediklərimi inkar da edə bilər. Haqsız da deyil əslində, çünki insan özü də fərqində olmadan bunu edir. Ayrılığın verdiyi təsirlə bunu daha da dramatikləşdirib hüzn və ya o qəbildən hər hansı bir söz də deyə bilərik, sırf onun verdiyi ağrı nəticəsində ətrafımızdakılara - əks cinsə qarşı geştaltı bir axtarış içərisində oluruq. Və bu zaman nələr baş verir? Hansı ki, ayrıldığımız insanda görə bilmədiyimiz müəyyən xüsusiyyətlər ki, var həmin xüsusiyyətləri və eləcə də beynimizdə öncədən qurduğumuz-ideallaşdırdığımız bir sıra xüsusiyyətləri o yeni tapdığımız insanda varmış kimi davranıb özümüzü buna inandırmağa çalışırıq. Hansı ki, bir öncəki ayrılıq da məhz bu səbəbdən olub xəbərimiz yoxdur. "Eyni rəngləri sevirik", "eyni tərzdə filmlərə baxırıq",
"eyni janrda musiqilər dinləyirik" və s.  deyə-deyə iş gedib "aaa təsadüfə bax ki, o da nəfəs alır, mən də" tərzində absurd, bir yerimizdən uydurduğumuz və əslində, görmək istədiyimiz, amma reallıqda mövcud olmayan ortaq cəhətlərin axtarışına çıxır. Və yenə sual: bu zaman nə olur? Nəticədə, bizim yeni tapdığımız "qurban" (buna keçmiş yaraların sarğısı da deyə bilərik) üçün elə bir "xüsusiyyət paltarı" tikirik ki, bir də ayılanda əslində o paltarın o insan
üçün bir bədən, hətta iki bədən böyük olduğunun fərqinə varırıq. Əslində, o xüsusiyyətlər onda yoxmuş... Əslində o şəxs sizin axtardığınız deyilmiş... Əslində, o ekşn tərzi filmlər sevirmiş sən romantika... Əslində, o jazz dinləyirmiş sən hip-hop...Əslində, o sarı sevirmiş sən qırmızı...Əslində, onun tənəffüs sistemi karbonla, səninki oksigenlə fəaliyyət göstərirmiş... :) Bu qədər müddətdə sadəcə özünü aldatmısan... Və ssenarinin sonu "sən daha yaxşılarına layiqsən"lərə
bağlanır..."Həyatda heç bir şey təsadüfi deyil, həyatına girən insanların, olan hadisələrin sənə öyrədəcəyi bir şeylər vardır" deyə klişe, mənasız bir cümlə yazsam, yəqin ki, bu mətni yerin dibinə soxmuş olardım ki, elə bir şey deməyəcəm. Əlbətdə, elədiyimiz səhvlər bizə müəyyən qədər təcrübə qazandırır, amma eyni şeyi təkrar-təkrar, dəfələrlə yaşamağımız isə heç sözsüz ki, insanoğlunun ən axmaq cəhətlərindən biridir...Yazdıqlarım, hər kəsə aid deyil, lakin istisnalar qaydaları pozmur...
Hörmətlə,  Əliqoşqar Kərimli .

15 dekabr 2015-ci il / Bakı

Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder