Önyarğılar

İzləyənlər bilər, "İncir reçeli" deyə bir türk filmində belə bir replika vardır:

"-Bedenin bu kadar ucuz mu bilemedim…
-Asıl ucuz olan ne biliyor musun?
Beş kuruş vermeden savurduğunuz
yargılarınız!"

Bu yazıya özəlliklə bu replika ilə başladım. Çağdaş, biraz da "avropalaşdıraraq" desək modern, texnologiyalar dönəmində, sözdə hər kəsin hər şeyi bildiyi, heç kimin bir-birini dinləmədiyi bir zamanda yaşayırıq. Birinin bir digəri və ya bir hadisə haqqında 7 saniyə içərisində fikir bildirə bildiyi, önyarğıların xəstəliyə çevrildiyi bir zamanda!
Nədir önyarğı? Fəlsəfə bunu,"bir insanın bir şeyi bildiyini idarə etmədən qəbul etdiyi hər şeyin bütünü", psixologiya "hər hansı bir özəl bilgiyə
dayanmayan,şəxsi davranışların təzahürü", sosiologiya isə "hər hansı dəlili olmayan, ümumi, duyğusal bir davranış" olaraq açıqlayır. Bunu əyani göstərmək istəyirəm. Təsəvvür edin, uzaqdan görürsünüz ki, çox sevdiyiniz biri uzanmış haldadır. Başqa bir nəfər də əlində bıçaqla ona yaxınlaşır. Nə düşündünüz? Dərhal, qorxu, təlaş, həmin insanın ona zərər verəcəyini düşündünüz elədir? O zaman uzaqdan gördüyünüz bu görüntüyə biraz yaxınlaşaq. Bu zaman nə gördük? O insan həkimdir, əlindəki bıçaq tibb alətidir və sevdiyiniz insanı hansısa bəladan qurtarmağa çalışır. Bax budur önyarğı!

Bir çox ölkədə olduğu kimi Azərbaycanda da bu görünməz olan, amma reallıqda çox böyük problemlərdən biridir. Keçən gün müəllimə "Dubaya getdim" dedi, bir nəfər də başladı bu sözə gülməyə... Dayandım birdən, "eee?" deyərcəsinə həmin adamın üzünə baxdım. Bir ölkəyə, lap açıq deyəcəm, əxlaqsızlıq məqsədilə gedənlər var deyə,həmin ölkəyə gedənlərin hamısına bu gözlə baxmağın özü nə qədər əxlaqlıdır?!Ya da "bu qızı filan yerdə, filankəslə görmüşəm, yenə də özün bilərsən" deyə tamamilə önyarğıların məhsulu olan, absurd, əsassız fikirlər! Yəni, biz önyarğılarımıza bu qədərmi əsir olduq?

Gerçək olduğumuz yerdən gördüklərimizmidir? Bəs, dünyaya haradan baxırıq? Yaşadığımız kənddən, şəhərdən, ya kosmosdan? Axı,baxdığımız şeyin görüntüsü ona haradan baxdığımızdan asılıdır. 

Debatın mənə öyrətdiyi və hər kəsin bilməyə borclu olduğu məsələlərdən biri də odur ki, istənilən bir mübahisədə haqlılıq faizi 50%-dir! Unutmaq lazım deyil ki, "tam"ın
100% olduğunu nəzərə alsaq o 50%-in biri sizdədirsə, digəri qarşı tərəfdədir! Məsələyə hansı prizmadan baxmağından və biraz da şəxsi çıxarından asılı olaraq. Bu sözləri sizə çıxışının birində "gənclərin işsizlik problemi gənclərin günahıdır", digərində isə "dövlətin günahıdır" fikrini müdafiə edib hər iki fikrə əsaslı arqumentlər gətirən biri kimi deyirəm. :)

Bir hindu ata sözü deyir ki, "bir insan haqqında fikir söyləmədən əvvəl ən az 3 gün batımı gözlə." 

Bilirəm, asan deyil.Son zamanlar haqqında şit caps'lər çıxan Eynşteyn əminin də zamanında dediyi kimi "insanların önyarğılarını parçalamaq mənim atomu parçalamağımdan daha çətindir". 

Debatdan danışmışkən,deyəsən çox danışdım, keçmək istəyirəm sonluğuma. :) Bəsidliklərin hədəf, həmin hədəflərin isə zibil yığınlarına dönüşdüyü bir zamanda insanların düşüncə tərzində gerçək təkamül yaradacaq bir hərəkatın başlaması artıq çox vacibdir! 

Hörmətlə, Əliqoşqar Kərimli. 

9 yanvar 2016-cı il / Bakı

Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder