Sarışan hallar

"Birilərini işarə edərək günahlandırdığınız zaman işarət barmağınız onu, qalan üç barmağınız isə sizi göstərir."
(Ziqmund Freyd) 


"İnsanlar nə deyərlər"imiz var bizim bolca, ya da etdiklərimiz qarşısında "nə düşünərlər"imiz var hər dəfəsində bizə əngəl olan... Xəyallarımız var bir də,
ucu-bucağı görünməyən, əldə etdikcə bir pillə daha imkansızları yaranan...Sıxıntılarımız var bizim, qarışqa ikən dəvə etdiyimiz...Zamanlarımız var bir də, yolunda gedən hadisələri belə çıxılmaz vəziyyətə saldığımız... Addımlarımız var bizim, ən çətin anlarda səhv atdığımız... Cəsarətimiz var bir də, ən lazım olan zamanlarda özünü göstərməyən... Çəkingənliklərimiz var bizim, "dost sadəcə dost, sevgili sadəcə sevgili ola bilər" deyə uydurulmuş qaydalarımız...Qorxularımız var bir də,
ruhun ölməzliyinə inanmağa məcbur edən... Müsbət hisslərimiz var bizim, lazım olan bir zamanda layiq olan insanlara bəsləyə bilmədiyimiz, mənfi hisslərimiz var bir də, layiq olmayan insanlara göz qırpmadan bəslədiyimiz... Dəyərlərimiz var bizim, lazım oldu-olmadı insanlara verdiyimiz,sonda özümüzü dəyərsiz hiss etməyimizə səbəb olan... Səbrimiz var bir də, daşmaq üçün dolmağı gözləməyən... Gülüşlərimiz var bizim, yerli-yersiz, hansı qəlbin ölkəsində paytaxt olduğu bilinməyən... Xatirələrimiz var bir də, gözlənilmədən xatırlayıb düşüncələrə qərq edən...
Boş verdiklərimiz var bizim, dolu verib boş qayıtdığını gördükdən sonra son çarə olaraq etdiyimiz...Ümidlərimiz var bir də, hər gecənin bir sabahı, hər qışın bir yazı olduğuna dair...Hə bir də, eşqlərimiz var axı bizim... Səslərini belə unutduğumuz, birilərinin gülüşünə, baxışına həbs olunmuş... Bizdən öncələri var, bəzən çox dəyərli, bəzən isə bir qəpiyə belə dəyməyən... Bir də bizdən sonraları var hüznləri özü ilə gətirən,
bəlkə də, əksinə, kiçik bir sürətlə yaralarımızı bağlayan... Ən önəmlisi anlarımız var bizim... Bu anımız var, yaşanılmağı gözləyən, bütün gözəlliklərə layiq... Bu səbəbdən elə bu an var gücünüzlə sevin, insanların nə düşündüyünə fikir vermədən...

(Əliqoşqar Kərimli) 

12 aprel 2016-cı il / Bakı


Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder